“Qara qızıl”ın dərdi varmış... | TƏHLİL

// Neft niyə ucuzlaşır və bunun bizə hansı zərəri dəyəcək

   “Qara qızıl”ın dərdi varmış...  | TƏHLİL
  11 Sentyabr 2024    Oxunub:2923
İlin ortasında dövlət büdcəsi dəyişdirildikdən sonra neftin satış qiyməti əvvəl proqnozlaşdırılandan 15 dollar yuxarı, yəni 75 dollara qaldırılmışdı. Bundan əlavə, keçən ilin dördüncü, bu ilinsə birinci rübü ərzində neftin orta qiyməti 87,2 dollar olduğundan, neft-qaz sektoru üzrə gəlirlər 605,0 milyon manat və ya 3,5 % artıq nəzərdə tutulmuşdu.
Neftin qiymətisə düşür. Hazırda “Brent” markalı neftin qiyməti 70 dollardan cüzi artıqdır ki, bu da 2023-cü ilin iyun ayından bəri ən aşağı göstəricidir. Keçən ilin iyununda “Brent” 75 dollar civarında idi. Qiymət niyə düşüb və bunun dövlət büdcəmizə zərəri nədir?!

Neftin dünya bazar qiymətləri bir sıra amillərin əsasında formalaşır. Bunların sırasında obyektiv amillər də var, subyektiv də... Bəzən hətta bir siyasətçinin bəyanatı belə qiymətlərə təsir edir. Ancaq əsas etibarilə hər şey hasilat və tələbat səviyyəsindən asılıdır.

Çində neftə tələbat azalıb. ABŞ iqtisadiyyatının da inkişafı ləngiyib. OPEC+ ölkələrinin oktyabrdan hasilatı artıracaqları gözləntisi var. Nəticədə hazırda dünya neft bazarında təklif tələbi üstələyir. Ən pisi odur ki, bunun davamlı xarakter daşıyacağı bildirilir. Qlobal iqtisadiyyatda böyük dəyişikliklər gedir. Bir tərəfdə satdıqlarından daha çox həcmdə neft satmaq istəyən ölkələr qrupu var, digər tərəfdə isə neftdən istifadəni azaltmaq istəyində olan və bu sahədə müvafiq siyasət yürüdən dövlətlər...

Ona görə də qiymətləri sabit saxlamaq üçün hasilatı azaltmaq vacib sayılır. Buna isə nəzarət lazımdır. Əsas nəzarətçi qurum olan OPEC+ isə bu funksiyanı deyəsən, artıq yerinə yetirə bilmir. Əvvəllər qurumun iki nəhəng üzvü olan Səudiyyə Ərəbistanı ilə Rusiya arasında hər hansı razılıq əldə olunanda bazar buna dərhal reaksiya göstərərdi, indi isə vəziyyət dəyişib. “Bloomberg”in ekspertləri qeyd edirlər ki, OPEC+ ölkələri artıq neftin qiymətlərini sabit saxlamaq iqtidarında deyillər və qurumun bundan sonrakı bütün cəhdləri müvəqqəti effekt verəcək. Bu səbəbdən də, yaxın perespektivdə qiymətlərə dair heç bir nikbin proqnoz irəli sürülmür. "Morgan Stanley" qlobal bankının analitiklərinə görə, “Brent” markalı neftin qiyməti 2024-cü ilin dördüncü rübü ərzində orta hesabla 1 barrelə görə 75 dollar, "Goldman Sachs"a görə 2025-ci il üçün 77 dollar, "Citigroup" görə isə 60 dollar ətrafında olacaq.

Sözsüz ki, bütün bunlar ehtimallardır. Neftin qiymətinə dair dəqiq proqnoz irəli sürmək mümkün deyil. Xüsusən də söhbət uzunmüddətli perspektivdən gedirsə. Buna rəğmən, qiymətlərin nə qədər ucuzlaşsa da, 60 ABŞ dollarından aşağı enəcəyi hər halda, gözlənilmir. Çünki bu, irili-xırdalı heç bir hasilatçı ölkə üçün sərfəli deyil.

O ki qaldı qiymət enişinin dövlət büdcəmizə təsirinə, cari il üçün büdcədə proqnozlaşdırılan 60 ABŞ dolları 75-ə qaldırıldığından əldə edəcəyimiz gəlir təbii ki, aşağı düşüb. Lakin bu il üçün heç bir təhdid mövcud deyil. İlin sonunadək neft satışından gəlirlərimiz artıqlaması ilə təmin olunacaq.

Amma bir məsələ var ki, gələn ilin dövlət büdcəsində neftin qiyməti 50-55 ABŞ dollarından yuxarı nəzərdə tutulmalı deyil.

Yeri gəlmişkən, Energetika Nazirliyinin məlumatına əsasən, 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 19,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib ki, bunun 11,1 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,8 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,4 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə sözügedən göstərici, yəni kondensatla birlikdə neft çıxarılması 5 milyon ton təşkil edib. 16 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub. Bunun 13,9 milyon tonu konsorsiumun, 2,1 milyon tonu isə SOCAR-ın payına düşüb.

2024-cü ilin dövlət büdcəsinə yenidən baxıldıqdan sonra gəlirlər 36 milyard 388 milyon manat, o cümlədən neft-qaz gəlirləri 17 milyard 769 milyon manat səviyyəsində təsdiq edilib. Dövlət Neft Fondundan 12 milyard 781 milyon manat transfert nəzərdə tutulur.


Pərviz Heydərov
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Neft  





Xəbər lenti